VVAQ məsələləri

Consular Section Contact information


VƏTƏNDAŞ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI (VVADQ)Azərbaycan Respublikasının mövcud Ailə qanunvericiliyinə və digər normativ-hüquqi aktlarına uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında çalışan konsullar həyata keçirir.Konsullar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.Doğumun qeydə alınmasıAzərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.Yunanıstan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciətinə əsasən yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə rəsmiləşdirilə bilər.

 

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir.

Uşağın doğum qeydiyyatını aparmaq və şəhadətnamə vermək üçün Valideynlər aşağıdakı sənədləri təqdim edirlər:

  • Valideynlərin şəxsiyyəti təsdiq edən sənədləri;
  • Valideynlərin doğum haqqında şəhadətnamələri;
  • Valideynlərin Yunanıstan Respublikasında daimi və ya müvəqqəti yaşayış qeydiyyatında olduğunu təsdiq edən sənəd;
  • Doğum haqqında şəhadətnamənin verilməsinə dair ərizə;
  • Uşağın doğulduğuna dair Yunanıstan Respublikasının müvafiq orqanından arayış,
  • Nikah haqqında şəhadətnamə (o cümlədən müvafiq halda, atalığın müəyyən edilməsi haqqında arayış).

Nikahın qeydə alınması

Nikaha daxil olmağı arzu edənlər bu barədə konsulluq şöbəsinə şəxsən yazılı ərizə verirlər. Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluq şöbəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi notariat qaydasında təsdiq edilməlidir.

Əvvəllər nikahda olmuş şəxslər yalnız nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etdikdə yeni nikah qeydə alına bilər.

Nikah, nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Müddəti azaltmaq və ya uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s.) təsdiq edilməlidir. Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir.

Nikahın pozulmasının qeydə alınması

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında konsulluq şöbəsində pozula bilər. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda konsulluq şöbəsi tərəfindən aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə, ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Yuxarıda qeyd olunan hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur.

Nikahın pozulmasının dövlət qeydiyyatı yalnız aşağıdakı hallarda aparıla bilər:

- nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;

- yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında birgə ərizə verdikdə;

- məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsi olduqda.

Atalığın müəyyən edilməsinin qeydə alınması

Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.

Uşağın valideynlərindən biri üzrlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi notariat qaydasında təsdiq edilməlidir.

Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda konsulluq atalığın müəyyən edilməsini məhkəmə qətnaməsinə əsasən qeydə alır.

Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının konsulluq şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur.

Atalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərinin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur.

Uşağın doğumu konsulluq idarəsində qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir. Doğum haqqında akt qeydi itirildiyi hallarla atalığın müəyyən edilməsinin qeydiyyatı doğum akt qeydi qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa olunduqdan sonra həyata keçirilə bilər.

Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması

Azərbaycan Respublikasının vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər.

Azərbaycan Respublikasının vətəndaşları soyadlarını dövlət dilinə uyğunlaşdırmaq məqsədilə, soyadlarının sonluqlarını rəsmi sənədlərlə dəyişdirilənədək vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və şəhadətnamələrdə soyadlarını müəyyən olunmuş yeni ifadə formalarında qeyd etdirə bilərlər. Ad, ata adı və ya soyad dəyişdirilərkən, həmin şəxslərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyad sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.

Ölümün qeydə alınması

Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə konsulluq şöbəsi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yer üzrə aparılır.

Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.

Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır.

Ölümün qeydiyyatı zamanı ölən şəxsin, konsulluq şöbəsi tərəfindən qəbul edilmiş, şəxsiyyətini təsdiq edən sənədlər təqdim edlir.

Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

Təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər konsulluq idarəsinə təqdim edirlər.

Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir:

1. Ərizəçinin soyadı, adı və atasının adı;
2. Ünvanı;
3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin soyadı, adı və atasının adı;
4. təkrar tələb olunan şəhadətnamənin növü;
5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yeri barədə məlumatlar.

Əgər doğum haqqında şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin soyadları, adları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir.