Azərbaycan Respublikası vətəndaşlığına bərpa

Azərbaycan Respublikası vətəndaşlığına bərpa məsələləri Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış;
  • 150 dollar dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Xarici İşlər Nazirliyi həmin sənədləri baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə Xarici İşlər Nazirliyinə geri qaytarılır. Daxili İşlər Nazirliyi və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin Administrasiyasına göndərir.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa edilməsi barədə vəsatəti Dövlət Təhlükəsizliyi Xidmətindən, Xarici Kəşfiyyat Xidmətindən və Daxili İşlər Nazirliyindən alınmış rəylərlə birlikdə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təqdim edilmiş materiallar əsasında həmin Komissiya tərəfindən şəxsin vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlıqdan çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.