Notariat hərəkətləri

Ümumi məlumat

Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətləri səlahiyyətli vəzifəli şəxslər – konsullar tərəfindən aparılır.
Konsullar aşağıdakı notariat hərəkətlərini aparır:

1) Azərbaycan    Respublikasının    ərazisində    yerləşən    daşınmaz   əmlakın özgəninkiləşdirilməsi  və  həmin  əmlakın  girov  qoyulması  barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın     ümumi    əmlakındakı    paya    mülkiyyət    hüququ    haqqında şəhadətnamələr verir;

5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

8) şəxsin sağ olması faktını təsdiq edir;

9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

12) öhdəliyin  icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri  depozitə qəbul edir;

13) icra qeydləri aparır;

14) sənədləri saxlanmaq üçün qəbul edir;

15) dəniz protestləri tərtib edir;

16) sübutları təmin edir.

Bundan  başqa  konsul əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə  bilər,  sənədlərin  surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin  aparılması  ilə  əlaqədar  məsləhətlər  verə  bilər, fiziki və hüquqi şəxslərdən  həmin  hərəkətlərin  aparılması  üçün sənədlər və məlumatlar tələb edə bilər.


Notariat   hərəkətinin   aparılması   üçün   müraciət   etmiş   şəxs  kargüzarlığın aparıldığı  dili  bilmirsə  və  ya  notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş   edirsə,   konsul   imkan  daxilində  tərəfindən  rəsmiləşdirilən  sənədlərin mətnlərini  arzu  edilən  dildə  tərtib  edir  və  ya  mətn  ona  müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.
Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədi ona məlum olan dildə imza edir.
Notariat hərəkəti yalnız onun üçün dövlət rüsumu ödənildikdən sonra aparılır.

 

Diplomatik     nümayəndəlik    və    konsulluqlarda    notariat     hərəkətləri aparılmasının əsas qaydaları

Notariat hərəkətlərinin aparılması müddəti.

Notariat  hərəkətləri  lazım  olan  bütün  sənədlərin  təqdim  olunduğu və dövlət rüsumu ödənildiyi gün aparılır.

İdarələrin,  müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və  ya   sənədlər  tələb  etmək,  yaxud  sənədləri  Azərbaycan  Respublikasının müvafiq    orqanlarına    ekspertizaya    göndərmək    lazım   gəldikdə,   notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən      ərizə      alınması      haqqında      Azərbaycan       Respublikasının məhkəmələrindən    məlumat    gəldikdə,    notariat   hərəkətlərinin   aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.

 

Notariat hərəkətləri aparılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər

Notariat  hərəkətlərini  apararkən konsul notariat hərəkətlərinin aparılması üçün müraciət  etmiş  şəxslərin,  onların  nümayəndələrinin  və  ya  hüquqi  şəxslərin nümayəndələrinin şəxsiyyətini aşağıdakı sənədlər əsasında müəyyən edir:

• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

• Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;

• Azərbaycan Respublikası vətəndaşının xidməti pasportu;

• Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportu;

• Azərbaycan    Respublikası    vətəndaşının    sürücülük    vəsiqəsi   (Nəqliyyat vasitəsinin  müvəqqəti  əvəzsiz  istifadəyə  verilməsinə  dair etibarnamə  təsdiq edilərkən etibar edənin şəxsiyyətini müəyyən etmək məqsədilə);

• Azərbaycan   Respublikası   vətəndaşının  doğum  haqqında   şəhadətnaməsi (yalnız 16 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlara münasibətdə);

• Azərbaycan     Respublikasının     hərbi     hissələrin     və     hərbi    idarələrin komandanlığının  verdiyi  şəxsi  vəsiqə  və  ya  hərbi  bilet  (Hərbi  qulluqçuların şəxsiyyətini müəyyən etmək məqsədilə);

Dənizçilərin   şəxsiyyəti   onların   şəxsiyyətini   təsdiq   edən   sənəd  əsasında müəyyən edilir.
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların   şəxsiyyəti,   həmçinin   iş   yeri   üzrə  idarə,  müəssisə,  təşkilat tərəfindən  onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya sürücülük vəsiqəsi əsasında da müəyyən oluna bilər.

 

Sənədlərin imzalanması
Notariat  qaydasında  təsdiq  edilən  əqdlər,  habelə ərizələr və başqa sənədlər konsulun  iştirakı  ilə  imzalanır.  Əgər  əqd,  ərizə və ya başqa sənəd konsulun iştirakı    olmadan    imzalanmışsa,    onu    imzalayan    şəxs   sənədi   özünün imzaladığını şəxsən təsdiq etməlidir.

Şəxs  əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı  başqa  səbəbə  görə  özü  imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi  onun  tapşırığı  ilə,  onun  iştirakı  ilə və konsulun iştirakı ilə başqa şəxs imzalaya  bilər.  Əgər  notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız  və  kordursa,  konsul  ona sənədin  mətnini  oxumağa və  bu barədə sənəddə qeyd yazmağa borcludur.
Əgər  notariat  hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kar, kor, kar-lal və ya  savadsızdırsa,  notariat  hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı  şəxs  mütləq  iştirak  etməli  və  öz  imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.

 

Notariat hərəkətlərinin aparılması üçün zəruri sənədlərə dair tələblər

  1. Pozuntu və qaralaması  olan,  təsdiq  edilməmiş  əlavələri  olan sənədlərin, zədələndiyinə  görə  mətninin  oxunması mümkün  olmayan, yaxud karandaşla yazılmış   sənədlərin   notariat  hərəkətlərinin  aparılması  üçün  qəbul  edilməsi qadağandır.

    Əgər     bir     neçə     vərəqdə    ifadə    olunmuş    sənədlər    nömrələnməmiş, qaytanlanmamış,    vəzifəli    şəxsin  imzası   ilə   və   sənədi   verən   idarənin, müəssisənin və təşkilatın  möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.

    2. Notariat hərəkətləri aparılarkən aşağıdakılar nəzərə alınmalıdır:

    • Notariat  qaydasında  təsdiq  edilən  əqdlərin və sənədlərin  mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə    sözlərlə,    hüquqi   şəxslərin   adları   isə   onların   orqanlarının   ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır;

    • fiziki  şəxslərin  soyadı,  adı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir;

    • iki  və  daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir;

    • sənədin  mətnində  tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda konsul tərəfindən şərtləşdirilir.
    Konsul notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək hüququna sahibdir. Tələb   olunan  məlumat  və  sənədlər  konsulun  göstərdiyi  müddətdə   təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.

Sənədlərin dublikatının verilməsi

Konsulun təsdiq etdiyi və ya verdiyi sənəd itirildikdə, konsul verdiyi və ya təsdiq etdiyi  sənədlərin nüsxələri Azərbaycan Respublikasının dövlət notariat arxivinə təhvil  verilənədək  notariat  hərəkətinin aparılmasını tapşırmış və ya barəsində notariat  hərəkətləri   aparılmış   şəxsin,   idarə,   müəssisə  və  təşkilatın  yazılı ərizəsinə əsasən itirilmiş sənədin dublikatını verir.

Sənədin dublikatında təsdiq edilmiş və ya verilmiş sənədin tam mətni olmalıdır. Sənədin dublikatında müəyyən olunmuş forma üzrə təsdiq qeydi aparılır.
Vəsiyyətnamənin    dublikatı   vəsiyyətnamədə   göstərilən   vərəsələrə    yalnız vəsiyyət  edənin  ölümü  haqqında  şəhadətnamə  vərəsələr  tərəfindən  təqdim edildikdən  sonra  verilə  bilər.  Vəsiyyətnamədə  göstərilmiş vərəsələr öldükdə, vəsiyyətnamənin  dublikatı  onların  vərəsələrinə,  onlar  vəsiyyət edənin ölümü haqqında    şəhadətnamə    (əgər    əvvəllər    bu    cür   şəhadətnamə   təqdim olunmamışsa)  və  vəfat etmiş vərəsənin ölümü haqqında şəhadətnamə təqdim etdikdə  verilə bilər. Konsul təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən  yalnız  aşkar  səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər.

 

Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi

Konsul aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina edə bilər:

• notariat hərəkətlərinin aparılması qanuna ziddirsə;

• notariat   hərəkət   başqa   konsul,  notarius   və   ya  vəzifəli  şəxs  tərəfindən aparılmalıdırsa;

• notariat   hərəkətinin   aparılması   üçün   fəaliyyət  qabiliyyəti  olmayan  şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət  etmişsə;

• hüquqi    şəxsin    adından   bağlanan   əqd   onun   nizamnaməsində   və   ya  əsasnaməsində göstərilən məqsədlərə ziddirsə;

• qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa;

• sənədlər   qanunvericiliyin   tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən   məlumatlar varsa;

  • əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə.

Konsul  notariat hərəkətinin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün  müddətində  imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və    ondan   şikayət   verilməsi   qaydasını   izah  etməlidir.  Aparılmış  notariat hərəkətini  və  ya  notariat hərəkətinin aparılmasından imtina edilməsini düzgün saymayan  şəxsin bu barədə konsulun qərarından müvafiq məhkəməyə şikayət vermək hüququ vardır.
Konsul  notariat  hərəkəti  apararkən  şəxslərin və ya ayrı-ayrı vəzifəli şəxslərin qanunvericiliyi  pozduqlarını  aşkara  çıxardıqda,  bu  barədə  lazımi  tədbirlərin görülməsi üçün əlaqədar idarəyə, təşkilata və ya prokurora xəbər verir.
Əgər  təqdim  olunmuş  sənədin  həqiqiliyi  şübhə  doğurursa, konsul bu sənədi alıb (götürüb) ekspertizaya göndərməlidir.
Konsulun  notariat  hərəkətlərinin mahiyyətinə aid olmayan hərəkətləri (notariat hərəkətlərinin   aparılması   müddətlərinin  pozulması,  müəyyən  edilmiş  qəbul saatlarına riayət edilməməsi, ədəbsizlik edilməsi və sair) barəsində şikayətlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən baxılır.
Konsulun  qanunsuz  hərəkətləri  nəticəsində  ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə      maddi      ziyan     vurularsa,     o,     Azərbaycan     Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş  ziyanın  məbləği  tərəflərin  razılığı  ilə  və  ya məhkəmə qaydasında müəyyən edilir.

 

Dövlət rüsumu

Azərbaycan     Respublikasının     diplomatik   nümayəndəlik   və   konsulluqları tərəfindən   aparılan   notariat   hərəkətlərinə   görə  qanunvericiliklər  müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.
Notariat   hərəkətlərinin   aparılmasına  görə  dövlət  rüsumu  dövlət  büdcəsinə köçürülür.
Konsul iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat  xərcləri  maraqlı  şəxs (notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs) tərəfindən ödənilməlidir.

Ödənilmə ünvanı:

 

Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyinin bank hesabı:

 

ALPHA BANK

Account number:           107002002005904

IBAN:                            GR12 0140 1070 1070 0200 2005 904

SWIFT CODE (BIC):      CRBAGRAA

 

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət   rüsumu   haqqında”   Azərbaycan   Respublikasının   2001-ci   il  tarixli Qanununun      11.1.     və     17.1.-ci     maddələrinə      əsasən,     Azərbaycan Respublikasının   diplomatik   nümayəndəlikləri   və   konsulluqlarında   notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu tutulmur:

  • doğumu,  ölümü,  övladlığa  götürülməni  və  atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
  • pensiya,    müavinət,    yardım    və    alimentin   alınması   üçün   verilən etibarnamələr üzrə;
  • Azərbaycan   Respublikasının   xeyrinə   əmlakın   bağışlanmasına   dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsi üçün;
  • Azərbaycan  Respublikasının  gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət   üzvlərinin,   habelə   vətəndaşlarının   ölümündən   sonra  qalmış əmlakının mühafizəsi üçün.


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti