Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə AR-in xarici ölkələrdəki Səfirlik və Konsulluqlarına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (10-cu maddə, ikinci hissə)
Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. (18-ci maddə)
Yunanıstan Respublikasının və ya Albaniya Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı bu barədə Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyinə yazılı məlumat verməlidir. Bu məqsədlə aşağıdakı sənədlərin səfirliyə təqdim edilməsi tələb olunur:
- Ərizə anket;
- Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
- Yunanıstan Respublikası və ya Albaniya Respublikası naturalizasiya sənədinin və ya pasportunun surəti.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına daxil olan sözügedən ərizələr əlavələri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda, ərizəçiyə xarici ölkənin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir.