Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirmişdir.
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirmişdir. Tədbirdə səfir A.Məmmədov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixçəsi və əhəmiyyəti barədə çıxış etmiş, 2020-ci ilin sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən torpaqlarımızın işğalına son qoyulduğundan bəhs etmişdir. Səfir A.Məmmədov bildirmişdir ki, 20 sentyabr 2023-cü ildə bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olunmuş, 20 sentyabr tarixi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü olaraq təsis edilmişdir. O, Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərə çatdığını, ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini, beynəlxalq hüququ, BMT TŞ-nın Azərbaycan torpaqlarının azad edilməsini tələb edən qətnamələrini həyata keçirməyə nail olduğunu vurğulamışdır. Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilmişdir. Daha sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunmuş və tədbir ziyafət ilə davam etdirilmişdir.