news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2018

Yunanıstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycanın Yunanıstandakı səfirliyinin və “QALA” Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə mayın 1-də Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev tədbirdə çıxış edərək Ulu Öndərin mənalı həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən danışıb.

Türkiyə Respublikasının Saloniki şəhərindəki baş konsulu Orhan Yalman Okan çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına və ümumilikdə türk dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfələrindən bəhs edib. O, Ümummilli Liderin “Bir millət, iki dövlət” kəlamının Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əsasını təşkil etdiyini diqqətə çatdırıb.

“QALA” Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlı olduqlarını vurğulayıb.

Tədbirin sonunda ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Igbal Hajiyev,

Special correspondent

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti