Azərbaycan Respublikası vətəndaşlığından çıxma

Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələləri Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları vətəndaşlıqdan çıxmaq məqsədilə yaşadıqları ölkəyə akkreditə olunmuş Azərbaycan Respublikasının Səfirlik və ya Baş konsulluqlarına müraciət edə bilərlər.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya  Xarici İşlər Nazirliyinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

  • 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
  • dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
  • vətəndaşlığı əldə ediləcək ölkə tərəfindən verilmiş təminat məktubunun əsli və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi;
  • 400 dollar məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin surəti. 

Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər. Bu hallarda ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti;
  • övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti;
  • valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı;
  • uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli;
  • vətəndaşlığı əldə ediləcək ölkə tərəfindən verilmiş təminat məktubunun əsli və onun Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsi;
  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti.

 

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Xarici İşlər Nazirliyi həmin sənədləri baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə Xarici İşlər Nazirliyinə geri qaytarılır. Daxili İşlər Nazirliyi və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin Administrasiyasına göndərir.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.

Arxiv üzrə axtarış